ISSF Dünya Kuboku Hangzhou 2026 uğurla başa çatıb
Çinin Hangzhou şəhərində keçirilən ISSF Dünya Kuboku Hangzhou 2026 altı gün davam edən gərgin mübarizənin ardından başa çatıb. Yarış 61 ölkədən 686 idmançını və 66 ISSF üzv federasiyasını bir araya gətirərək tüfəng, tapança və stend atıcılığı üzrə yüksək səviyyəli rəqabətə səhnə olub.
Turnir ərzində bir sıra yaddaqalan nəticələr və dünya rekordları qeydə alınıb. Çin təmsilçiləri Yao Qianxun və Hu Kai 10 metr pnevmatik tapança qarışıq komanda yarışında 488.4 nəticə ilə yeni dünya rekordu müəyyən ediblər. Daha sonra Zhang Changhong 50 metr tüfəngdən 3 mövqedə atəşaçma yarışının finalında 363.0 xal toplayaraq növbəti dünya rekorduna imza atıb. Yarışın son qızıl medalı isə Avstraliyanın James Willett və Penny Smith komandasına qismət olub. Onlar Trap Mixed Team yarışında 37 hədəf nəticə ilə dünya rekordunu təkrarlayıblar
.
Medal sıralamasında ev sahibi Çin 7 qızıl, 6 gümüş və 5 bürünc olmaqla ümumilikdə 18 medalla birinci olub. ABŞ ikinci, Hindistan isə üçüncü yeri tutub. Yarış ərzində 17 ölkənin idmançıları qızıl medal, 15 federasiya isə ən azı bir medal qazanmağa nail olub.
Hangzhou Dünya Kuboku yalnız yüksək idman nəticələri ilə deyil, həm də təşkilatçılıq səviyyəsi, tamaşaçı marağı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə yadda qalıb. ISSF həmçinin yarış zamanı Relegend şirkəti ilə yeni tərəfdaşlığını elan edib. 2027-ci ildə Hangzhou şəhəri yenidən ISSF təqviminin vacib yarışlarına ev sahibliyi edəcək.
Xəbər linki: https://www.issf-sports.org/news/5175